Azərbaycan hazırda Gürcüstanın əsas elektrik enerjisi təminatçısıdır

12:10 - 6.02.2020


6 fevral, Fineko/abc.az. Gürcüstan yanvarın sonlarından başlayaraq elektrik enerjisinə olan tələbatını Azərbaycanın hesabına ödəməyə başlayıb.

Bu barədə Gürcüstanın Elektroenergetika Sistemi Kommersiya Operatorundan (ESCO) məlumat verilib.

Bildirilib ki, Gürcüstan elektrik enerjisinə olan tələbatını əsasən Azərbaycan və Rusiyadan ödəyirdi. Lakin, fevralın 1-dən başlayaraq İnquria su elektrik stansiyasında (SES) suyun səviyyəsi azaldığı üçün Rusiyadan alınan elektrik enerjisi yalnız Abxaziyaya yönəldilib. Buna görə də, Gürcüstan elektrik enerjisinə olan tələbatını son günlər yalnız Azərbaycanın hesabına ödəyir.

Gürcüstan Azərbaycandan gündəlik 7,3-7,4 milyon kilovat/saat elektrik enerjisi alır.

Məlumat üçün qeyd edək ki, İnquria SES Gürcüstanda ən güclü su elektrik stansiyasıdır. SES-in istehsal gücü 1,3 min meqavat təşkil edir. Stansiyanın hidroaqreqatları Abxaziyada, su anbarı və bənd Gürcüstan ərazisində yerləşir. 1993-cü ildə yaranmış ərazi mübahisəsindən sonra tərəflər stansiyada istehsal olunan elektrik enerjisindən ümumi razılıq əsasında istifadə edirlər. İstehsal olunan elektrik enerjisinin 60 faizi Gürcüstana, 40 faizi isə Abxaziyaya verilirdi.

© Azertag.az

 

Вся лента