Ləğv edilmiş “Azərbaycan İpoteka Fondu” fəaliyyətini yekunlaşdırdı

15:46 - 27.12.2017


27 dekabr, Fineko/abc.az. Dövlət başçısının sərəncamı ilə 26 dekabr tarixindən etibarən “İpoteka və Kredit Zəmanət Fondu”na çevrilən “Azərbaycan İpoteka Fondu”, 2017-ci il ərzində 3000-ə yaxın vətəndaş ipoteka krediti vermişdir.

Fondun məlumatında deyildiyi kimi, verilmiş kreditlərin məbləği 194 milyon manat təşkil etmişdir.

“Beləliklə, ötən müddətdə 21 mindən artıq ailənin mənzil şəraitinin yaxışılaşdırılmasına imkan yaradılmış, verilmiş kreditlərin həcmi isə 930 milyon manata çatmışdır”, - məlumatda belə deyilir.

Həmçinin qeyd edilir ki,  2009-cu ilin may ayından başlayaraq Fond tərəfindən istiqrazların 13 buraxılışı həyata keçirilmiş, cəlb edilmiş maliyyə vəsaitlərinin həcmi 655 mln.manata çatmışdır. Bu vəsaitlər adi ipoteka kreditlərinin (25 ilədək müddətinə, illik 8%) maliyyələşdirilməsinə yönəldilir. Hazırda Fondun dövriyyədə olan istiqrazlarının həcmi 534,6 mln.manatdır, bu da daxili qiymətli kağızlar bazarının mühüm hissəsini təşkil edir.

2017-ci ilin dövlət büdcəsindən Fonda 50 mln.manat,  ümumilikdə 2005-2017-ci illər ərzində isə 366 mln. manat məbləğində vəsaitin ayrılmışdır.

 

Вся лента