Belarus Azərbaycanda əczaçılıq zavodu tikmək və üçüncü ölkələrə dərman preparatları ixrac etmək niyyətindədir

16:37 - 28.12.2017


28 dekabr, Fineko/abc.az.  Azərbaycan və Belarus arasında əczaçılıq məhsullarının birgə istehsalının başlanması haqqında danışıqlar aparılır.

Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bildirib ki, artıq 2018-ci ildə ilkin razılaşmanın imzalanması planlaşdırılır.

“Belarus istehlak edilən əczaçılıq məhsullarının yalnız 15%-ni idxal edir.  Biz Azərbaycanda ən çox tələb olunan preparatlar istehsal etməyi nəzərdə tuturuq. Sözügedən preparatların dəqiq siyahısı, həmçinin, maliyyələşdirmə məsələləri hələ tərəflər arasında müzakirə olunur. Tərəflərin payçılar kimi iştirak etməsi ehtimalı yüksəkdir, lakin Belarus bu layihəni təkbaşına maliyyələşdirməyə də hazırdır”, - deyə səfir bildirib.

Onun sözlərinə görə, həmin zavodda buraxılan məhsullar beynəlxalq standartlara uyğun olmalıdır ki, gələcəkdə onları üçüncü ölkələrin bazarlarına çıxarmaq mümkün olsun. 2018-ci ilin əvvəlində ilk razılaşmaların imzalanması planlaşdırılır. İlin ikinci yarısında isə bilavasitə müəssisənin yaradılmasına dair işlərin başlanması gözlənilir.

 

Вся лента