İndrek Kiverik: “Estoniya Azərbaycan üçün Skandinaviya bazarına tramplindir”

10:20 - 5.01.2018


Estoniya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili İndrek Kiverik Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Nataliya Əliyevanın rəhbərlik etdiyi Caspian Energy jurnalının nümayəndə heyətini qəbul edib.

 

Görüşdə Caspian European Club, Caspian American Club və Caspian Energy İnternational Media Group çərçivəsində Estoniya və Avropa İttifaqı arasındakı informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub. İndrek Kiverik həmçinin Estoniya şirkətlərinin “Caspian Energy Forum – 2018 Tbilisi”də iştirakında maraqlı olduğunu ifadə edib.

 

Estoniyanın Avropa İttifaqındakı nümayəndəliyinin illik yekunlarına toxunan İndrek Kiverik Azərbaycanın Avropa istiqaməti və gündəmi təşkil edən strateji əməkdaşlıqla bağlı yeni sazişin imzalanması üzrə daha fəal işləməyə başladığını söyləyib.

 

İkitərəfli əlaqələrdən bəhs edən İndrek Kiverik nəqliyyat və logistika sahələrindəki  imkanları xüsusilə qeyd edib. “Həm Azərbaycan, həm də Estoniya ticarət yollarının kəsişməsində yerləşir. Estoniya “Şimal-Cənub” nəqliyyat marşrutuna qoşula bilər. Estoniya Azərbaycan üçün Skandinaviya bazarına tramplindir”, - deyə o çıxışına davam edib.

 

Görüşün sonunda İndrek Kiverik Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibədə o, logistika, turizm və İT sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarına və enerji sahəsində əməkdaşlığın inkişafına toxunub.

 

Müsahibə ilə www.caspianenergy.net saytında tanış ola bilərsiniz.

 

Вся лента