SOCAR AQŞ Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,5 milyon manat vəsait köçürüb

17:53 - 22.03.2020


22 mart, Fineko/abc.az.  SOCAR AQŞ Koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrinə tam dəstək olaraq bu istiqamətdə təşəbbüslərini davam etdirir.

ABC.AZ xəbər verir ki, SOCAR AQŞ Prezident İlham Əliyevin martın 19-da Koronavirus pandemiyasına qarşı mübarizənin gücləndirilməsi, dünya bazarlarında baş verən kəskin dalğalanmaların əhaliyə, makroiqtisadi sabitliyə, məşğulluq və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı imzaladığı Fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,5 milyon manat məbləğində vəsait köçürüb.

SOCAR AQŞ-nin daxil olduğu “NEQSOL Holding”in tərkibindəki şirkətlər tərəfindən bu vəsait də daxil olmaqla müvafiq Fonda ümumilikdə 5 milyon manat vəsait köçürülüb.

Bundan əlavə, SOCAR AQŞ əməkdaşları təşəbbüs göstərərək, koronavirusun yayılması ilə mübarizə məqsədilə xaricdən böyük miqdarda qoruyucu maskaların, teplovizorların, dezinfeksiya vasitələri və avadanlıqlarının, test dəstlərinin və süni tənəffüs aparatlarının alınıb gətirilərək müvafiq qurumlara təhvil verilməsi işini təşkil ediblər.

SOCAR AQŞ Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində beynəlxalq təcrübəni əsas tutaraq Dünya Səhiyyə Təşkilatı, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq Koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və bu xəstəliyin yayılmasının qarşısının alınması məqsədlə fevral ayından başlayaraq müəssisədə lazımi tədbirlər həyata keçirir. Belə ki, müəssisə rəhbərliyinin əmri ilə koronovirus pandemiyasına qarşı görülən tədbirlərin gücləndirilməsi və icrasının nəzarətdə saxlanılması məqsədilə müəssisədə İşçi qrup yaradılıb.

Вся лента