Azərbaycanda daha 15 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

17:23 - 24.03.2020


24 mart, Fineko/abc.az.  Ölkədə 15 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  ABC.AZ-a verilən məlumata görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 76 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarında 2126 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.

Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

Buna görə də infeksiyasının yayılmasına yol verməmək üçün hər bir şəxs gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməlidir.

Вся лента