Əgər pul kütləsinin həcmini dəyişməsək, onda bank faizləri bahalaşa bilər - Vüsal Qasımlı

12:02 - 3.04.2020


3 aprel, Fineko/abc.az. Pandemiya və qlobal şoklar Azərbaycanda 2015-2020-ci illərdə olan iqtisadi tsikli qapadır, bundan sonra yeni tsikl yaranır.

ABC.AZ xəbər verir ki, bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu həm də qlobal iqtisadi inkişaf tsikli ilə sinxronlaşdırılma olacaq. V.Qasımlı qeyd edib ki, investisiya qoyuluşunun artması üçün real faiz dərəcələrinin aşağı düşməsi və ucuz maliyyəyə asan çıxış imkanlarının olması vacibdir: "Hiks-Hansen yanaşmasına görə, investisiyanın artımı ÜDM-in artımına və yenidən yığımın çoxalmasına gətirə bilər və bu yolla əmtəə və xidmətlər bazarında tarazlığı qorumaq mümkündür. Hazırda strateji ehtiyatlarımız imkan verir ki, dövlət xərcləmələrini artırmaq, vergi yükünü azaltmaq və özəl investisiyanı stimullaşdırmaqla məcmu təklifi dəstəkləyək. Lakin bu halda manata daha çox tələb yaranacaq və əgər pul kütləsinin həcmini dəyişməsək, onda bank faizləri bahalaşa bilər. Hazırkı dönəmdə prioritet investisiya fəallığının artırılması olduğundan, pul bazarında tarazlığı saxlamaq üçün pul kütləsi artmalıdır ki, faizlər qalxmasın. Onsuz da son depozit hərraclarında manat Mərkəzi Bankın tələb etdiyindən az cəlb olunub, üstəlik də manatla əqdlərin faizi yüksəlir".

Müəllif: Elmir Murad

 

Вся лента