Dövriyyədə manat azlığı hiss olunur - Vüsal Qasımlı

12:13 - 3.04.2020


3 aprel, Fineko/abc.az. Bu ilin təkcə mart ayında Dövlət Neft Fondu tərəfindən bazardan 3,3 milyard manata yaxın milli valyuta alınıb və bu, orta aylıq normadan 4 dəfəyə qədər çox olub. Beləliklə, dövriyyədə manat azlığı hiss olunur.

ABC.AZ xəbər verir ki, bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, investisiya fəallığı və manat qıtlığı bir araya sığmadığından əmtəə və pul bazarları arasında yeni tarazlıq nöqtəsi tapılacaq: "Çünki dövlət həm fiskal, həm də pul-kredit siyasəti ilə iqtisadiyyatı stimullaşdırır. Bu da buraxılış kəsiri yaranan zaman adekvat addımdı.  Miqdar qanununa görə, pul kütləsinin artımı inflyasiyanı sürətləndirə bilər. Lakin 1975, 1982, 1991 və 2009-cu illərdə qlobal resessiya və neft qiymətlərinin düşməsi qlobal inflyasiyanı aşağı salıb. Hazırkı koronaböhran da qlobal inflyasiyanı azaldır ki, bu faktın da qeyri-neft sektoru üzrə 9,5 milyard dollar idxalı olan Azərbaycanda qiymətlərə azaldıcı təsiri olacaq. Üstəlik ölkəmizdə faktiki ÜDM potensial ÜDM-dən aşağı düşdüyündən, başqa sözlə, buraxılış kəsiri – output gap yarandığından inflyasiya sürətlənə bilməz. Belədə Azərbaycanda Fişer effekti də tam işləməyəcək, başqa sözlə, monetar genişlənmə səbəbindən inflyasiya çox sürətlənməyəcəyinə görə onun nominal faizlərə də təsiri minimum olacaq".

Müəllif: Elmir Murad

 

Вся лента