Tarixdə ilk dəfə yeni nizamlama modeli formalaşa bilər - Nazirlikdən mühüm açıqlama

20:09 - 4.04.2020


4 aprel, Fineko/abc.az.  "Biz indi neft bazarının tənzimlənməsi prosesində yeni bir mərhələnin başlanğıcındayıq". 

ABC.AZ xəbər verir ki, bu fikirlər Azərbaycanın Energetika Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Məlumatda daha sonra bildirilir ki, hazırkı problemlər yalnız “OPEC plus” ölkələrinə deyil, bu formatdan kənar ölkələrə də mənfi təsir edir: "Ona görə də hesab edirik ki, neft bazarında tədricən balansın yaradılması üçün “OPEC plus” formatından kənar ölkələr də bu prosesdə iştirak etməlidir. OPEC və digər qeyri-OPEC ölkələrinin geniş formatda əməkdaşlığı baş tutarsa, tarixdə ilk dəfə olaraq yeni bir nizamlama modeli formalaşar, neft bazarında daha effektli və ədalətli tənzimlənmə mexanizmi yarana bilər. Neft bazarında tarazlıq və qiymət sabitliyi əldə edilər". Nazirlik ümid edərək bildirir, “OPEC plus” ölkələri bu nadir fürsəti mühüm qərara çevirəcək addımlar atacaq: "Azərbaycan da indiyə kimi “OPEC plus” formatının yaradılması və qərarlarının icrasında mühüm rol oynamış ölkə kimi neft bazarının tənzimlənməsi prosesinə bundan sonra da dəstək verməyə, yeni öhdəliklər götürməyə hazırdır. Eyni zamanda, Azərbaycan bütün neft ölkələrini qarşıdakı görüşdə vahid mövqedən çıxış edərək, neft bazarına birgə dəstək verməyə çağırır".

Вся лента