Neft Fondunun gəlirləri barədə mühüm xəbər - Dinamika fərqli templə arta bilər

14:39 - 6.04.2020


6 aprel, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bir sıra vacib məsələlərə aydınlıq üçün məlumat yayıb.

ABC.AZ Fondun yaydığı məlumata istinadən xəbər verir ki, ARDNF-nin büdcə proqnozları illik əsasda təsdiq olunur və nəzərdə tutulan büdcə ili üzrə icra səviyyəsi həmin ilin müəyyən dövrlərində müxtəlif olur.

Belə ki, il ərzində həm dövlət büdcəsinin tələbindən, həm də valyuta bazarında tələbin dəyişməsindən asılı olaraq öhdəliklərin aylar üzrə eyni həcmdə icra olunmaması mümkündür. Bununla yanaşı, xam neftin dünya bazarındakı qiymətlərindən asılı olaraq il ərzində müxtəlif dövrlərdə Fondun gəlirlərinin dinamikası fərqli templə arta bilər.

Beləliklə, neftin qiymət faktorundan və xərclərin müxtəlif dövrlərdə fərqli icra olunmasından asılı olaraq ARDNF-nin aktivlərinin il ərzində hansısa dövrün sonuna ya artması, ya da azalması müşahidə oluna bilər. Lakin bundan asılı olmayaraq, Fondun xərcləri üçün illik yuxarı hədd müəyyən edildiyindən, fərqli aylarda icra fərqli olsa da, ARDNF-nin illik büdcə öhdəliyi dövlət büdcəsində təsdiq olunan səviyyədən yüksək ola bilməz. Bir sözlə ARDNF-nin vəsaitlərindən əldə edilən gəlirləri istisna etsək, Fondun vəsaitlərinin hər ilin sonuna olan səviyyəsinə təsir edən tək amil neftin dünya bazarlarındakı qiymət tempidir.

Müəllif: Elmir Murad

 

Вся лента