Sosial etibarnamə elektron formaya keçdi - Yenilik

14:43 - 8.04.2020


8 aprel, Fineko/abc.az. “Mobil notariat” proqram təminatı vasitəsilə vətəndaşlara notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarə olunmasına dair, həmçinin vəkillərə verilən etibarnamələrin mobil telefonlar vasitəsilə elektron qaydada rəsmiləşdirilməsi imkanı yaradılıb. Artıq elektron qaydada rəsmiləşdirilən etibarnamələrin sayı minlərlə ölçülür.

ABC.AZ Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gündən tətbiq edilən yeni xidmət vasitəsilə pulsuz və ya güzəştli dərman yardımı almaq hüququ olan vətəndaşlara 24 saat ərzində həmin dərmanları əldə etmək üçün evlərini tərk etmədən, digər şəxslərə elektron etibarnamə vermək imkanı yaradılıb.

Aprelin 7-dən istifadəyə verilən “Sosial etibarnamə”dən vətəndaşlar AppStore və PlayStore platformasından pulsuz “Mobil notariat” tətbiqini yükləyərək, habelə artıq istifadəçi olanlar isə proqramı yeniləməklə yararlana bilərlər. Ətraflı məlumat mobil tətbiqin sosial şəbəkə səhifələrində (www.facebook.com/mobilnotariat və www.instagram.com/mobil_notariat/) yerləşdirilib.

Qeyd edək ki, xüsusi karantin rejimində olan vətəndaşların durumuna həssas yanaşılaraq xidmət pulsuz göstəriləcək.

Müəllif: Elmir Murad

 

Вся лента