İcazə sisteminə yalan mesaj yazanlar cəzalanacaq - Agentlik xəbərdarlıq etdi

16:27 - 9.04.2020


9 aprel, Fineko/abc.az. Vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemində sui-istifadə hallarına yol verilir. Belə ki, bəzi vətəndaşların  sistem vasitəsi ilə "3" kodu, yəni yaxın qohumunun dəfnində iştirak halı üzrə göndərilmiş müraciətlərinin bu hal üzrə deyil, digər, aidiyyəti olmayan məqsədlər üçün istifadə etdikləri müəyyən edilib.

ABC.AZ xəbər verir ki, belə açıqlama ilə Vətəndaşlara Dəstək və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çıxış edib. Agentlikdən bir daha xatırladılıb ki, "3" kodu yaxın qohumunun dəfnində iştirak üçün nəzərdə tutulub.  "Dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qadağan olunub.

Vətəndaşlarımızı bu kimi hallara yol verməməyə çağırırıq. Əks halda bu hallar  xüsusi karantin rejiminin tələblərinin pozulması deməkdir və  hüquq mühafizə orqanları tərəfindən bununla bağlı ciddi məsuliyyət tədbirləri görüləcək" deyə Agentlikdən bildirilib.

Müəllif: Elmir Murad

 

Вся лента