330x110
 

Milyonlarla dollarlıq gəlir – SOCAR İstiqrazlarından növbəti faiz ödənişi

17.04.2020,11:35


17 aprel, Fineko/abc.az. Vətəndaşlarımız və investorlar üçün alternativ yatırım imkanı təqdim edən və investisiya üçün ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR İstiqrazları 17 aprel tarixində baş tutan sayca 14-cü faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollar gəlir qazandırdı. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 17 milyon 500 min dollara yüksəldi.

“SOCAR Capital” şirkətindən verilən məlumata istinadən, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR İstiqrazlarının $1.25 milyonluq rüblük faiz ödənişi istiqraz sahiblərinin hesablarına köçürülüb.

Təkrar bazar əməliyyatları həcminin $190 milyona çatması, bağlanmış əqd sayının 2.000-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi və REPO əməliyyatlarının $34 milyon təşkil etməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəricilərindəndir.

SOCAR İstiqrazı sahibləri əlverişli şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı müvafiq bankda girov qoymaqla, 15–16% faizlə Manat krediti cəlb edə bilərlər. Bu halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-ə qədər enmiş olur.

1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 iyul tarixində baş tutacaq. Ətraflı məlumat üçün *19 99 nömrəsi investorların xidmətindədir.