12 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək - Nazirdən mühüm açıqlama

16:57 - 22.04.2020


22 aprel, Fineko/abc.az. Birdəfəlik ödəmə proqramının icra mexanizmi, proqrama edilən müraciətlər əsasında e-sosial.az portalında formalaşan geniş informasiya bazası əmək bazarı ilə bağlı yeni yanaşmalar əsasında ətraflı təhlillər aparmağa imkan yaradıb.

ABC.AZ-ın məlumatına görə, bunu  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev videobağlantı formasında keçirilən kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, bu imkandan istifadə edilməklə əmək bazarı ilə bağlı ciddi təhlillər aparılmalıdır. Onun sözlərinə görə, xüsusilə qeyri-rəsmi məşğulluğun daha çox mövcud olduğu regionlar və iqtisadi fəaliyyət sahələrinin, əhali qrupunun və s. müəyyən olunması araşdırılmalı və nəticələr əsasında təkliflər hazırlanmalıdır.

Pandemiya ilə əlaqədar digər sosial dəstək proqramlarının genişləndirildiyini qeyd edən S.Babayev bildirib ki, bu əsasda işsizlikdən sığorta ödənişlərinin təyin olunması şərtləri də yumşaldılacaq: "Bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi artıq hazırlanıb. Layihənin qəbulu imkan verəcək ki, işsizlikdən sığorta ödənişləri ilə daha çox insan əhatə olunsun. Bu il ərzində işsizlikdən sığorta ödənişlərinin şamil olunduğu şəxslərin sayının 20 minə çatdırılması nəzərdə tutulur. 12 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək".

Müəllif: Elmir Murad

 

Вся лента