Azərbaycanın 2017-ci il dövlət büdcəsi 98% səviyyəsində icra edilib

11.01.2018,11:50


11 yanvar, Fineko/abc.az. Azərbaycanın maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2017-ci ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş iclasında çıxış edib.

Nazir çıxışında bildirib ki, Azərbaycanın 2017-ci ilin dövlət büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş proqnoza qarşı 98% səviyyəsində icra olunub və müvafiq olaraq 16 milyard 447 milyon manat və 17 milyard 588 milyon manat təşkil edib.

“Büdcə proqnozu ilə nəzərdə tutulan mədaxil mənbələrindən 736 milyon manat az vəsait daxilolmasına baxmayaraq, gömrük daxilolmalarının 16% və ya 359 milyon manat çox olması, əlavə həcmdə dövlət qısamüddətli istiqrazlarının daxili bazarda satılması və büdcə xərclərinin səmərəliliyinin artırılması hesabına büdcə təşkilatlarının təqdim etdikləri məxaric sifarişləri dövlət büdcəsinin təsdiq olunmuş xərcləri çərçivəsində tam icra olunub”, - S.Şərifov belə deyib.

Nazirin sözlərinə görə, dövlət büdcəsinin kəsiri təsdiq olunmuş maksimal həddən 3 mln. manat az təşkil edib. Təsdiq  olunmuş icmal büdcənin kəsiri 7,6 milyard manat və ya ÜDM-in 11,1% səviyyəsində proqnozlaşdırılırdısa, ilin nəticələrinə əsasən həmin kəsir ÜDM-in 1,5% qədər daralaraq 1 milyard manat təşkil edib.

 

 

Ключевые слова: Samir Şərifov Nazirlər Kabineti