2020-ci ilin əvvəlində istifadəçilərə qarşı fırıldaqçı hücumlarının sayı on qat artıb

10:40 - 8.05.2020


8 may, Fineko/abc.az. Kaspersky-nin məlumatına görə, internetdə “skamlar”-ın, yəni fırıldaqçılıq hücumlarının sayı artıb.

Belə ki, 2020-ci ilin ilk rübündə fırıldaqçı mənbələrin sayı iki dəfə çoxalıb (2019-cu ilin eyni dövrü ilə müqayisədə): şirkətin mütəxəssisləri təxminən 10 min bu cür səhifə aşkarlayıblar. Eyni zamanda  istifadəçilərin bu cür saytlara keçid cəhdlərinin sayı da təxminən on dəfə artıb və demək olar ki, 15 milyona çatıb.

Skam və ya fırıldaqçılıq, istifadəçilərə anket doldurmaq və ya səsvermədə iştirak etmək qarşılığında böyük pul mükafatının vəd edildiyi saxta xəbər bülletenləri və elanlardır. Pulu əldə etmək üçün şəxs "komissiya" və ya "müəyyən ödəniş" ödəməlidir.  Bu ödənişlər adətən az miqdarda olur. Lakin istifadəçi bunun qarşılığında heç bir pul əldə etmir və "komissiya" fırldaqçıların cibinə gedir. Bundan əlavə, şəxs kart məlumatlarını daxil edərsə, ödəniş məlumatlarının təhlükəsizliyini riskə atır.

“Skam, ötən il onlayn fırıldaqçıların əlində çox məşhur bir sxemə çevrilib. Bu ilki rəqəmlər təcavüzkarların dayanmaq niyyətində olmadığını göstərir. İnsanları tovlamaq üçün çox vaxt sxemlərində iri şirkətlərin və məşhur insanların adlarından istifadə edir, həmçinin cari xəbərlərə istinad edirlər. Təcavüzkarlar banklar, pensiya fondları, məşhurlar və lotereya adı altında özlərini maskalaya bilərlər. Kaspersky mütəxəssisləri mart ayında internetin rusdilli seqmentində istifadəçilərə koronavirusla əlaqədar müxtəlif kompensasiyaların verildiyini bildirən mesajlar müşahidə ediblər ki, bunun üçün yalnız kiçik bir komissiya ödəmək lazım idi. İstifadəçiləri internetdən rastlaşdıqları hər hansı bir məlumatı, o cümlədən böyük brendlərdən gələn səxavətli təklifləri yoxlamağa çağırırıq," deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov  bildirib.

 

Вся лента