Azərbaycan gündəlik neft hasilatını bu qədər saxlamalıdır - Açıqlama

12:15 - 15.05.2020


15 may, Fineko/abc.az. Dünya neft bazarının sabitləşdirilməsi məqsədilə ilk dəfə olaraq böyük həcmlərdə öhdəliklər götürmüş Azərbaycan kvotasına uyğun olaraq mayın 1-dən gündəlik neft hasilatını azaldır.

ABC.AZ-ın məlumatına görə, bunu Energetika naziri deyib.

O bildirib ki, Azərbaycan xarici və yerli neft istehsalçılarının bu prosesdə bərabər şərtlər çərçivəsində iştirakına nail olaraq, neft sektorunun bütün imkanlarını öhdəliklərinin icrasına yönəldib. "May ayının birinci on günlüyündə Azərbaycanın öhdəliyinin icra səviyyəsi 98 faizdir. May-iyun aylarında gündəlik hasilatın 164 min barrel azaldılması üçün bütün zəruri tədbirləri görməklə neft bazarına töhfə vermək əsas hədəflərimizdəndir”, deyə nazir bildirib. 

P. Şahbazov onu da qeyd edib ki, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı may-iyun aylarında həmin səviyyədən 164 min barrel azaltmalıdır: "Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır. Azərbaycanın öhdəlikləri iyul - dekabr aylarında 131 min barrel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 98 min barrel müəyyənləşib. Kvotalara müvafiq olaraq ölkəmizdə gündəlik xam neft hasilatının həcmi iyulun 1-dən ilin sonunadək 587 min barreli, 2021-ci ilin yanvar-2022-ci ilin aprelində isə 620 min barreli keçməməlidir".

Müəllif: Elmir Murad

 

Вся лента