Azərbaycan qazı Avropaya çatdı – Tarixi hadisə

15:03 - 22.05.2020


22 may, Fineko/abc.az. Mayın 20-i Trans-Adriatik Boru kəmərinin (TAP) sınaq işləri çərçivəsində Azərbaycandan ilk qaz molekulları Albaniya ərazisinə çatıb.

ABC.AZ bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

“İndiyədək Albaniya təbii qaz idxal etmirdi və ölkənin ərazisindən tranzit qaz keçmirdi. Beləliklə, Albaniyanın tarixində ilk dəfə olaraq boru kəməri vasitəsilə qaz çatdırılıb. Bununla Albaniya gələcəkdə öz enerji təchizatında təbii qazdan istifadə etmək imkanı əldə etmiş oldu. Bu həm Albaniya, həm Avropa Birliyi, həm də Azərbaycan üçün böyük hadisədir. Azərbaycan üçün hasil edilən qazın artıq növbəti ölkəyə çatması baxımından əhəmiyyətli hadisədir”, - SOCAR rəsmisi qeyd edib.

SOCAR rəsmisi həmçinin xatırladıb ki, Yunanıstanda boru kəmərinin inşası artıq tam başa çatdırılıb, bütün testlər keçirilib, bir neçə ay əvvəl boru kəmərinin həmin hissəsinə texniki qaz vurulub: “Düşünürük ki, pandemiya ilə əlaqədar hər hansı fövqəladə hal baş verməzsə bu il ərzində TAP üzrə bütün işlər başa çatdırıla bilər. Boru kəmərinin son təyinat nöqtəsi olan İtaliyaya çatmasına artıq aylar qalıb. İnanırıq ki, bütün çətinliklərə baxmayaraq TAP işləri vaxtında tamamlamağa çalışacaq. Yunanıstan, İtaliya və digər ölkələrə tarixdə ilk dəfə olaraq təbii qaz nəql olunacaq”.

 

Вся лента