Bu şirkətin qısamüddətli aktivləri kəskin artıb – 70 faizdən çox

15:26 - 31.05.2020


31 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Azərkosmos” 2019-cu il üçün maliyyə hesabatını açıqlayıb.

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, qurum 2019-cu il ərzində nizamnamə kapitalında dəyişiklik etməyib.

Şirkətin nizamnamə üzrə ehtiyatının isə 28,3% artaraq 208,37 milyon manat həcmində olduğu görünür. “Azərkosmos”un uzunmüddətli aktivlərinə gəlincə şirkətin bu göstəriciləri 2018-ci ilə nisbətdə 8% azalaraq 569,86 milyon manat olub.

Qısamüddətli aktivləri isə 70,8% artaraq 58,73 milyon manat, ümumi aktivləri isə 3,8% azalaraq 628,59 milyon manat dəyərində olub. Aktivlərin azalmasının böyük hissəsi torpaq, tikili və avadanlıqlar bəndində öz əksini tapmış və əsas səbəb 2019-cu ildə “Azerspace-2” peykinin tutumlarının 46%-nin “İntelsat” şirkətinə maliyyə lizinqinə verilməsi ilə bağlıdır.

Həmçinin, ümumi öhdəliklər 2018-ci ilə nisbətdə 77,09 milyon manat və ya 10,4% azalaraq 663,77 milyon manata düşüb. “Azərkosmos”un öhdəliklərinin əsasını peyk layihələri ilə bağlı götürülmüş kreditlərin ödənilməsi təşkil edir. Bu kreditlər peyk xidmətlərindən əldə edilən gəlirlər hesabına vaxtlı-vaxtında geri ödənilir və bu günə kimi şirkətin vaxtı keçmiş və ya gecikdirilmiş kredit borcu qeydə alınmayıb.

Qeyd edək ki, “Azərkosmos”un 2019-cu ilin yekunları üzrə dərc olunmuş maliyyə hesabatları dünyanın dörd ən böyük audit şirkətlərindən biri olan “PricewaterhouseCoopers" (PwC) audit şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən müstəqil auditor rəyi alıb.

 

Вся лента