Gəncədə içməli su və kanalizasiya infrastrukturları yenidən qurulur

16:52 - 2.06.2020


2 iyun, Fineko/abc.az.  “Azərsu” ASC Gəncədə yeni içməli su və kanalizasiya infrastrukturlarının qurulmasını Azərbaycan Hökumətinin Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi layihə çərçivəsində  həyata keçirir.

Bu barədə ABC.AZ-a Azərsu” ASC-dən məlumat verilib.

Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarının ehtiyatlarından istifadə olunması qərara alınıb. Bu məqsədlə ötən müddətdə Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb. Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral su kəməri çəkilib.

Gəncə şəhərinin böyüklüyü nəzərə alınaraq içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri mərhələli həyata keçirilir. Hazırda icra olunan 4-cü mərhələ çərçivəsində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması və sayğaclaşma işləri  davam etdirilir.

Bu mərhələ çərçivəsində işlərin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla da şəhər şəbəkəsinin 40 faizinin yenidən qurulması təmin ediləcək.

Ümumilikdə, Gəncə şəhərində 855 km içməli su, 813 km kanalizasiya şəbəkəsinin yaradılması nəzərdə tutulur.

 

 

Вся лента