Azərbaycanda elektron pul kisəsi hazırlanır – Daha bir yenilik

11:13 - 11.06.2020


11 iyun, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Azərpoçt" MMC Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə tərəfdaşlığa başlayıb.

"Azərpoçt"dan ABC.AZ-a verilən məlumata görə, layihəyə əsasən, IFC elektron maliyyə əməliyyatlarını icra etməyə imkan verən elektron pul kisəsinin hazırlanmasında "Azərpoçt"la birgə çalışacaq.

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq quruma digər maliyyə təşkilatlarının agenti qismində seçilmiş maliyyə xidmətləri göstərməsi və müştəriləri rəqəmsal maliyyə xidmətləri barədə maarifləndirməsi üzrə yardım edəcək.

Sözügedən təşəbbüs, xüsusilə kənd yerlərində, bank filiallarından uzaqda yaşayan əhaliyə və kiçik sahibkarlara banka gəlmədən ödənişlər etməyə və əsas bank xidmətlərinə rəqəmsal çıxış əldə etməyə imkan verəcək.

Qeyd edək ki, layihə nəticəsində qurum əhalinin bank xidmətləri ilə əhatə olunmayan böyük hissəsi üçün maliyyə inklüzivliyinin təmin edilməsində mühüm rol oynayacaq.

 

Вся лента