Caspian European Club-un ekspert şurasının iclası keçirilib

10:39 - 18.01.2018


17.01.2018 Caspian European Club-un ekspert şurasının qapalı iclası təşkil edilib.

Toplantıda çıxış baş icraçı direktoru Mustafa Abbasbəyli Caspian European Club-un şirkətləri ilə dialoqa açıq və hazır olmasına görə yeni təyin olunmuş Azərbaycanın vergilər naziri Mikayıl Cabbarova minnətdarlığını bildirib. “Nazir hər zaman bizimlə təmasdadır, Klub üzvlərinin xahiş və təkliflərinə operativ şəkildə reaksiya göstərir”, - deyə o söyləyib.

Mustafa Abbasbəyli qeyd edib ki, sözügedən tədbirin təşkilində məqsəd müvafiq qurumlara göndəriləcək vergi, gömrük, bank və sığorta sahələrinə dair təkliflər paketinin və  onların həlli yollarının müzakirəsi və təsdiqidir. Onun sözlərinə görə, Caspian European Club 2018-ci ildə bir sıra tədbirlər təşkil etməyi planlaşdırır. Onlardan biri fevralın 28-də keçiriləcək Caspian Energy Finance Forum-dur. Caspian Energy Finance Forum-da Azərbaycanın maliyyə, bank və sığorta sektorlarında çalışan dövlət rəsmilərinin iştirakı gözlənilir.

Mustafa Abbasbəyli xatırladıb ki, Caspian European Club-un ekspert şurası beynəlxalq təcrübəyə əsaslanaraq Klubun üzv şirkətləri ilə birgə Azərbaycanda sahibkarlığın inkişafına və tənzimləyici orqanlar tərəfindən özəl sektorun fəaliyyətinə edilən müdaxilələrin minimuma endirilməsinə dair təkliflər hazırlayıb.

Klubun təkliflərinin böyük hissəsinin qəbul olunduğunu qeyd edən baş icraçı direktor Caspian European Club-un ekspert şurasının fəaliyyətinin səmərəliliyini vurğulayıb.

Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

 

Вся лента