Xarici işlər naziri: Görüş zamanı həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra fikir təklif etdilər

11:51 - 19.01.2018


19 yanvar, Fineko/abc.az. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Krakov görüşünün yekunları ilə bağlı bəyanat edib.

Nazir,  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Krakovda keçirilən danışıqların altı saat davam etdiyini bildirib.

“İlk əvvəl mən ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşdüm. Sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan ilə görüşdük. Bunun ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində təkbətək görüşlər oldu. Təkbətək görüş başa çatdıqdan sonra mən yenidən ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşdüm”, - nazir belə deyib.

Onun sözlərinə görə, həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb.

“Bu ideyalar əsasında müzakirələr davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər. Prinsip etibarilə görüşlər pozitiv şəkildə keçdi. Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir”, - deyə XİN rəhbəri qeyd edib.

 

 

Вся лента