Turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir – Prezident

17:30 - 30.06.2020


30 iyun, Fineko/abc.az. Bildiyiniz kimi iyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Prezident İlham Əliyevlə sözügedən təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında videokonfrans keçirilib. Dövlət başçısı qeyd edib ki, turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir.

İ.Əliyevin sözlərinə görə, biz bunu Azərbaycanda da, bütün dünyada da müşahidə edirik: "Buna görə təbiidir ki, sizin üzərinizə əlavə yük düşüb.Ona görə ki, əvvələn, pandemiya dövründə turist axını təbii olaraq çox azalıb, lakin postpandemiya dövründə də bu sahənin bərpa olunması, əlbəttə, müəyyən məhdudiyyətlərlə bağlı olacaq. Bildiyiniz kimi, son vaxtlar Azərbaycana gələnlərin sayının xeyli artması müşahidə olunurdu. Keçən il rekord göstərici qeydə alınıb – 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana səfər edib. Faiz nisbətində desək, turist axını təqribən 15 faiz artıb. Son 4-5 ildə orta illik artım göstəricisinin 10-24 faiz həddində olmasını nəzərə alsaq, deyə bilərik ki, bu sahə çox geniş vüsət alıb. Biz şadıq ki, özəl sektor bu sahəyə fəal sərmayə qoyur, dövlət də dəstək göstərir. Pandemiya dövründə biz bu sahədə işləyən insanlara maddi dəstək göstərmişik, çünki onlar praktiki olaraq işsiz qalıblar. Sahə bərpa olunmağa başlayana qədər bu dəstək göstəriləcək".

 

Вся лента