Müdafiə təyinatlı məhsulların istehsalı 10%, ixracı isə 2,3 dəfə artıb

19.01.2018,16:38


19 yanvar, Fineko/abc.az. Müdafiə Sənayesi Nazirliyində 2017-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib.

İclasda nazir Yavər Camalov bildirib ki, müdafiə və xüsusi təyinatlı məhsulların istehsalı, 2016-cı il ilə müqayisədə, 10% artıb.

“2017-ci ildə Yeni nəsil silah növlərindən ”Yalquzaq” snayper tüfənginin, müxtəlif mm-lik minaatanların, müxtəlif mm-lik əl qumbaraatanının, zirehli texnikalar üçün tüstü qumbaraatan qurğusunun və tüstü qumbarasının, KXP tipli optik kollimatorun, qəlpəli minalı atəş yığımının və F-1 tipli əl qumbarasının seriyalı istehsalı təşkil olunmuşdur. Eyni zamanda, alınma texnologiya əsasında müxtəlif mm-lik kalibrli döyüş sursatları üçün müxtəlif tipli partladıcıların, avtomat və pulemyotlar üçün 4 adda lülənin istehsalat hazırlığı başa çatdırılmış və seriyalı istehsalı mənimsənilmişdir”, - nazir belə deyib.

Onun sözlərinə görə,  2017-ci ildə ixrac olunan məhsulun həcmi 2016-cı illə müqayisədə 2,3 dəfə artmışdır.

“Bu gün Müdafiə Sənayesi Nazirliyi respublikanın güc qurumlarının sifarişlərinin icrası ilə yanaşı, 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir”, - deyə Yavər Camalov bildirib.

Nazirliyin müəssisələrində Müdafiə Sifarişi  Proqramına müvafiq olaraq 126 mövzunu əhatə edən 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılmışdır.

2017-ci il ərzində Nazirliyin Elmi-Tədqiqat İnstitutunda 31 mövzu, o cümlədən, müdafiə təyinatlı məmulatların yaradılmsı işləri üzrə 15 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilmişdir. Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən isə  müxtəlif sahələri əhatə edən 34 mövzu üzrə, o cümlədən, 17 müdafiə təyinatlı məmulatın yaradılması işləri aparılmışdır.

Nazir qeyd edib ki, eyni zamanda, qara metal idxalının azaldılması istiqamətində görülmüş tədbirlər və mütərəqqi metodların tətbiqi nəticəsində qara metalın daxili bazar hesabına təmin edilməsi 12,3% artırılmışdır.

 

Ключевые слова: Müdafiə Sənayesi