Bağlanan banklardan əmanətçilərə 305,2 milyon manat kompensasiya ödənilib

18:05 - 18.07.2020


18  iyul, Fineko/abc.az.  Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Ata Bank” ASC, “Amrah Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin 14,8 min əmanətçisinə qorunan əmanətlər üzrə “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 305,2 milyon manat kompensasiya ödəyib.

Bu barədə ABC.AZ-a ADIF-dən məlumat verilib.

Bildirilib ki, “Ata Bank” ASC və “Amrah Bank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə iyunun 1-dən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pulköçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

Ləğv prosesində olan “AG Bank” ASC və “NBC Bank” ASC- nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə iyunun 16-dan başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

Qeyd edək ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

 

 

 

Вся лента