Azərbaycanda əhalinin bir nəfərinə 7205 manat ÜDM düşür

23.01.2018,13:14


23 yanvar, Fineko/abc.az. 2017-ci ilin yanvar-dekadr aylarında  Azərbaycanda fəaliyyət göstərən təşkilatlar, müəssisələr və şəxsi sahibkarlar 70135,1 milyon manat həcmində ümumi daxili məhsulu istehsal etmişlər.

Dövlət Statistika Komitəsindən bildirildi ki,  keçən ilin analoji dövründə ÜDM səviyyəsi 0,1% azalmışdır.

“Hesabat dövründə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,7 faiz artmış, neft sektorunda isə 5,0 faiz azalmışdır.  Ölkənin ÜDM-da qeyri-neft sektorunun payı 62,8% təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 7205,0 manata bərabər olmuşdur”, - Dövlət Statistika Komitəsindən belə bildirildi.

Komitədən həmçinin xəbər verildi ki, 2017-ci ildə ölkədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2017-ci ildə 39,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da keçən il ilə müqayisədə 3,4% çoxdur. Sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 24,7 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

“Mədənçıxarma sektorunda neft hasilatı 5,6 faiz, əmtəəlik qaz hasilatı isə 3,0 faiz azalmışdır.

İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2018-ci il vəziyyətinə 533,4 milyon manatlıq hazır məhsul olmuşdur”, - məlumatda belə deyilir.

 

Ключевые слова: ÜDM