İlham Əliyev: Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaq

24.01.2018,11:37


24 yanvar, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasında iştirak edib.

İclas zamanı Azərbaycan prezidenti bildirib ki, iqtisadiyyatın diversifikasiyası dövlətin əsas məqsədidir.

“Neftin qiyməti kəskin aşağı düşən zaman, bizim üçün postneft dövrü başladı. Biz ciddi islahatlar həyata keçirməyə başladıq və onlar artıq yaxşı nəticə verir. Ötən il iqtisadiyyatımızın qeyri-neft sektoru təqribən 3% və qeyri-neft sənayemiz 4% artmışdır. Hazırda neftin qiyməti artmaqdadır, ancaq bu, sadəcə, bizim ehtiyatlarımızı artıracaq. Biz xərclərimizin optimallaşdırılmasına nail olmuşuq. Ötən il neftin qiymətinin hələ də aşağı olmasına baxmayaraq, biz ehtiyatlarımıza daha 4,5 milyard dollar əlavə edə bilmişik. Bu isə o deməkdir ki, hətta neftin qiyməti aşağı olsa belə bizim üçün narahatlığa səbəb yoxdur. Builki büdcəmizdə neftin qiymətinin 45 dollar səviyyəsində olması nəzərdə tutulub və bundan artıq toplanan bütün vəsait Neft Fonduna yönləndiriləcəkdir”, - dövlət başçısı belə deyib.

Onun sözlərinə görə, neft-qaz iqtisadiyyatın əsas hissəsi olmaqda davam edəcək. Ancaq artıq bu gün qeyri-neft sektoru ümumi daxili məhsulun təqribən 70%-ni təşkil edir.

“Bizim hədəfimiz ixracımızı şaxələndirmək və ixracyönümlü qeyri-neft məhsullarının siyahısını genişləndirməkdir. Gələcək neft və qazdan ibarət deyil, onlar bir gün tükənəcəkdir. Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaqdır”, - İ.Əliyev belə deyib.

 

 

Ключевые слова: İlham Əliyev Davos Dünya İqtisadi Forumu