Naxçıvan Muxtar Respublikası investisiya reytinqinin lideridir

25.01.2018,15:14


Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikasının 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində birinci yerə çıxması ilə bağlı tədbir keçirilib. Naxçıvan Muxtar Respublikasının hökumət üzvlərinin, Caspian European Club və Caspian Energy İnternational Media Group-un nümayəndə heyəti tədbirdə iştirak ediblər.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov məruzə ilə çıxış edərək, regionun iqtisadi və sosial inkişaf sürəti barədə danışıb.

Caspian European Club-un sədrinin birinci müavini Telman Əliyev Naxçıvan Muxtar Respublikasının investisiya reytinqində ilk yeri tutmasını və bununla bağlı tədbirin Heydər Əliyev Muzeyində keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib. Qeyd olunub ki, Caspian European Club dünyanın 70 ölkəsində investisiya reytinqi hazırlayır və hər bir ölkədə lider region seçir. 2017-ci il üçün investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ölkəmizin iqtisadi regionları içərisində ilk pillədə qərarlaşması xarici ekspertlər tərəfindən də yüksək qiymətləndirilib. Telman Əliyev Klubun Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradıldığını xatırladıb. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

Telman Əliyev Naxçıvan Muxtar Respublikasında investisiya və biznes mühitinin inkişafına verdiyi xüsusi töhfəyə görə Ali Məclisin Sədrinə Caspian European Club-un mükafatını təqdim edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Hər bir ölkə inkişafa nail olmağa çalışır. Lakin o ölkədə inkişaf təmin olunur ki, orada sabitlik, müəyyən olunmuş inkişaf yolu və dövlət-xalq birliyi olsun. Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda inkişaf, sabitlik və dövlət-xalq birliyi  təmin  olunub. Ölkəmiz  inkişaf  edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutub.

Ali Məclisin Sədri demişdir: Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən davamlı islahatlar Azərbaycanın hər bir bölgəsini əhatə edib. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının qəbulu və icra olunması ölkəmizdə tikinti-quruculuq işlərinin həcmini xeyli artırmış, sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənmiş, əhalinin rifah halı yaxşılaşmışdır. Ötən dövrdə istifadəyə  verilən  məktəb  binaları,  olimpiya  idman kompleksləri, xəstəxanalar, salınan yollar, yaradılan yeni istehsal müəssisələri, açılan yüz minlərlə iş yerləri bir daha göstərir ki, Azərbaycanda inkişafın mərkəzində insan amili dayanır. Naxçıvan Muxtar Respublikasının inkişafı da ölkə başçısını müəyyən etdiyi “Güclü dövlət, yüksək rifah” strategiyasına əsaslanır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”.

Qeyd olunmuşdur ki, bu gün ümummilli liderimizin arzuları ölkə Prezidentinin diqqət və qayğısı ilə həyata keçirilir. 25 ildən artıq bir dövrdə blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikada sabitlik və inkişafa nail olunub, etibarlı müdafiə sistemi yaradılıb. Daxili imkanlardan səmərəli istifadə və həyata keçirilən iqtisadi islahatlar nəticəsində ərzaq və enerji təhlükəsizliyi təmin edilib. Şəhər və rayon mərkəzlərindən ən ucqar dağ və sərhəd kəndlərinə qədər, bütün yaşayış məntəqələri qazlaşdırılıb, mənzillərə fasiləsiz elektrik enerjisi verilir, əhaliyə dayanıqlı rabitə və sürətli internet xidməti göstərilir.

Ali Məclisin Sədri demişdir: Ölkə Prezidentinin qayğısı ilə bu gün Azərbaycanın bütün regionlarında davamlı inkişaf təmin edilib. Sağlam rəqabət mühiti formalaşıb. Yaradılmış inkişafın nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün ölkənin iqtisadi regionları üzrə 18 parametr üzrə hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxmışdır. Təbii ki, muxtar respublikamız bu uğura ölkə başçısının göstərdiyi böyük diqqət və qayğı, ümummilli liderin ideyalarına sədaqət və onun arzularının gerçəkləşməsi yolunda çəkilən zəhmət sayəsində nail olmuşdur.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını, hörmət və ehtiramını bildirmişdir.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərdə əməyi olan bütün muxtar respublika sakinlərinə, sahibkarlara və dövlət qulluqçularına, əmin-amanlığın təmin olunmasındakı xidmətlərinə görə hüquq-mühafizə orqanlarına, ordu, birləşmə və hissələrin şəxsi heyətlərinə təşəkkür etmişdir.

Ali Məclisin Sədri sağlam rəqabət mühiti formalaşdırdığına, nəticələrin düzgün qiymətləndirilməsinə görə “Caspian European Club”a da təşəkkür etmiş və əminliyini bildirmişdir ki, reytinqin nəticələri muxtar respublikada yeni investisiyalar üçün geniş imkanlar açacaq, Naxçıvan Muxtar Respublikası bundan sonrakı illərdə də Azərbaycanın inkişafına öz töhfəsini verəcəkdir.

Muxtar respublika ictimaiyyəti və ziyalılar adından adından Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev çıxış edib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Caspian Energy İnternational Media Group tərəfindən tərtib olunmuş Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqinin lideri olub. İnvestisiya reytinqi Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un Sədri Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirir. Regionlar 18 göstərici üzrə 6 qrupa bolünür – sosial-demoqrafik xüsusiyyətlər, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı.