Bakı Ali Neft Məktəbində yeni elektron tədris sistemi yaradılır

25.01.2018,16:23


Bakı Ali Neft Məktəbində (BANM) yeni elektron tədris sisteminin tətbiqinə dair təqdimat keçirilib. Təqdimatda Ali Məktəbin rektoru Elmar Qasımov, professor-müəllim heyəti və administrativ kollektiv iştirak edib. Təqdimat Ali Məktəbin riyaziyyat müəllimi Tural Abdullayev tərəfindən keçirilib.

Təqdimatın ilkin mərhələsində sistemin BANM-ın gündəlik fəaliyyətinin yaxşılaşdırılması və optimallaşdırılması istiqamətində ümumi faydalarından danışılıb. Belə ki sistemin yeniliklərinin tətbiqi nəticəsində böyük vaxt itkisinin qarşısı alınacaq, sistem insan əməyini əhəmiyyətli azaltdığından əməliyyatlarda səhvə yol verilməsi aradan qaldırılacaq, həmçinin fəaliyyət və proseslərə nəzarət daha asan və vaxt sərfi olmadan həyata keçirilə biləcək.

Tural Abdullayev təqdimat zamanı yeni sistemin köməyilə BANM administrasiyasının işinin xeyli optimallaşacağını deyərək bildirib ki, indi  transkriptlər, arayışlar, diplom əlavəsi, dərs qeydiyyatı, qiymət cədvəli və s. kimi işləri administrativ işçilər deyil, sistem hazırlayacaq. Yeni sistem həmçinin tələbə haqqında məlumatlar, tələbə bileti, tələbələrin turniket qeydləri, tələbələrin imtahanlarda iştirak siyahısı, tələbələrin təqaüdləri haqqında məlumatları özündə birləşdirərək istifadəçilərə bu istiqamətdə bələdçilik edəcək.

Qeyd edək ki, elektron tədris sistemi BANM rəhbərliyinə tələbələr arasında müəyyən sorğular keçirməyə imkan verəcək ki, bu da keyfiyyətin təmin olunmasına və yarana biləcək problemlərin dərhal aradan qaldırılmasına kömək edəcək.

Sistemdən yalnız BANM-ın işçilərinin deyil, həmçinin tələbələrinin də aktiv istifadəsi nəzərdə tutulur. Belə ki, tələbələr kitabxana qeydiyyatı, lazımi kitabların axtarılması və sifariş edilməsi, sillabusların əldə edilməsi, imtahanlara qeydiyyat, yataqxanaya qeydiyyat və s. kimi məsələləri özləri sistem üzərindən həll edə biləcəklər.

Yeni elektron tədris sistemi BANM rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və təqdim edilən yeniliklərin yaxın günlərdə tətbiqinə başlanılacaq.

 

 

Ключевые слова: BANM elektron tədris sistemi