“Baktelecom” Bakının genişzolaqlı şəbəkəsinin əhatə dairəsini genişləndirir

17:45 - 25.01.2018


25 yanvar, Fineko/abc.az.  “Baktelecom”  (Bakı Telefon Rabitəsi)  MMC paytaxtda genişzolaqlı şəbəkənin əhatə dairəsini genişləndirir.

MMC-nin məlumatında deyilir ki, simsiz rabitə LTE (100 mb/s)  texnologiyasının tətbiqi zəif infrastrukturlu ərazilərdə telekommunikasiya xidmətlərinin təmin edilməsinə imkan yaradır.

“Artıq Bakının iki ərazisində bu texnologiya pilot layihə şəklində uğurla həyata keçirilir. Paytaxt ətrafı kənd və yaşayış massivlərində də yeni stansiyalar qurulur. Beləliklə, cari ilin mart ayından rabitə infrastrukturunun məhdud olduğu ərazilərin sakinləri internet və digər rabitə xidmətləri ilə təmin olunacaqlar”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin deyilir ki,  digər layihə istifadəçiləri yüksəksürətli internetlə təmin etmək imkanı yaradan GPON texnologiyasının tətbiqidir.  “Baktelecom” genişzolaqlı şəbəkənin əhatə dairəsini genişləndirmək məqsədilə bu texnologiya ilə 30 minə yaxın mənzildə müvafiq infrastruktur yaradıb, 5000-ə yaxın mənzil isə GPON texnologiyası əsasında  rabitə xidmətləri ilə təmin olunub.

“Həyata keçirilən işlər əhaliyə fasiləsiz və dayanıqlı telekommunikasiya xidmətlərinin göstərilməsini mümkün edəcək”, - məlumatda belə deyilir.

 

Вся лента