Pandemiyadan zərər çəkmiş sahibkarlara subsidiyaların verilməsi davam edir

16:22 - 28.08.2020


28 avqust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu dövlət zəmanəti olmayan mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasını davam etdirir.

Bu barədə ABC.AZ-a İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, koronavirus  pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə onlara subsidiyalar verilir.

Bu mexanizm dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfelini əhatə edir və həmin portfel üzrə sahibkarların 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlər üzrə faiz dərəcəsinin 10 faiz bəndi dövlət tərəfindən maliyyələşdirilir.

Maliyyələşdirmə mart ayından başlayaraq 12 ay ərzində həyata keçiriləcək. Bu məqsədlə 100 milyon manat nəzərdə tutulub. Bunun 50 milyon manatı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına, 50 milyon manatı isə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin ediləcək. Bu, zərər çəkmiş sahibkarların kredit yükünü azaltmaqla yanaşı, bankların likvidliyinin artırılmasına da müsbət təsir edəcək.

Sahibkarlığın İnkişafı Fondu bir daha sahibkarların nəzərinə çatdırır ki, faiz subsidiyası əldə etmək üçün kredit aldıqları təşkilata müraciət edə bilərlər.

 

Вся лента