Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

11:38 - 31.08.2020


31 avqust, Fineko/abc.az. Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Novus Plastica” MMC qeydiyyata alınıb və bununla da Sənaye Parkının rezidentlərinin sayı 24-ə çatıb.

Bu barədə ABC.AZ-a İqtisadiyyat nazirliyindən məlumat verilib.

 Qeyd olunur ki, yeni rezident tərəfindən Sənaye Parkının ərazisində “Polimer materialların emalı” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində yaradılacaq müəssisədə Yaponiya və Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə iki istiqamət üzrə - polietilen borular üçün qara karbon konsentratı və mavi konsentrat, həmçinin polimer istehsalı zamanı yaranan qeyri-standart polimerlər və polimer kompozisiya materialları istehsal ediləcək.

İnvestisiya dəyəri 11 milyon manat olan müəssisədə 100-dən çox insan daimi işlə təmin ediləcək.

İstehsal olunacaq məhsullar daxili bazarın təlabatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə bir sıra xarici ölkələrə də ixrac olunacaq.

 

Вся лента