“Standard & Poor’s” Azərbaycanın reytinqi üzrə proqnozu “mənfi” qiymətindən “sabit” qiymətə yüksəltdi

11:25 - 29.01.2018


29 yanvar, Fineko/abc.az. “Standard & Poor’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın  xarici və yerli valyutada uzunmüddətli və qısamüddətli müstəqil kredit reytinqini  'BB+/B' səviyyəsində təsdiqlədi.

“Standard & Poor’s” hesabatına əsasən, reytinq üzrə proqnozun “mənfi” qiyməti “sabit” qiyməti ilə əvəz edilmişdir.

“Yaxın dörd ildə Azərbaycanın ÜDM-in artımı ortalama 3,3% təşkil edəcək. “S&P” proqnozuna görə, 2017-ci ildə ölkənin iqtisadiyyatında 2,7% artım gözlənilir,  növbəti, 2019, 2020 və 2021-ci illərdə isə real artım 3,5% səviyyəsində  proqnozlaşdırılır. Biz, növbəti bir neçə il ərzində Azərbaycan iqtisadiyyatının dinamikasının tədricən dəyişəcəyini gözləyirik. Xüsusilə, biz,  ÜDM-in orta illik artımını 2021-ci ilə qədər 3,3% səviyyəsində proqnozlaşdırırıq. Azərbaycan iqtisadiyyatının artımında əsas amil “Şahdəniz” qaz kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində təbii qaz tədarükü olacaqdır və  bunun həyata keçirilməsi yaxınlaşır. İnvestisiyaların və qaz ixracı artımı Azərbaycanın iqtisadi göstəricilərinə müsbət təsir göstərəcək”, - hesabatda belə deyilir.

Azərbaycanın nominal ÜDM-i artmaqda davam edəcək və 2021-ci ilə  70 milyard manatdan (41 milyard dollar) 99 milyard manata (52 milyard dollar) qədər yüksələcək. 2018-ci ildə Azərbaycanda adambaşına düşən ÜDM 4,6 min dollar, 2019-cu ildə 4,8 min dollar, 2020-ci ildə 5 min dollar, 2021-ci ildə isə 5,1 min dollar təşkil edəcək. Həmçinin 2021-ci ilə qədər inflyasiyanın 5%-ə enməsi gözlənilir. 2018-ci ildə “S&P” inflyasiyanı  8% səviyyəsində, növbəti üç ildə isə 5% səviyyəsində proqnozlaşdırır.

 

Вся лента