İlham Əliyev: 2018-ci ildə Azərbaycanın iqtisadiyyatına ən azı 14,6 milyard dollar sərmayə qoyulacaq

10:37 - 30.01.2018


30 yanvar, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxış edib.

Dövlət başçısı bildirib ki, ölkənin on dörd il ərzində iqtisadi göstəriciləri ümumi inkişafın uğurlu dinamikasını əyani şəkildə nümayiş etdirir.

 «On dörd il ərzində iqtisadi göstəricilərimiz də ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir. İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir. Ona görə qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Sənaye sahəsində 2,6 dəfə artım var, kənd təsərrüfatında 1,7 dəfə. Qeyri-neft ixracımız 4,1 dəfə artmışdır”, - İ.Əliyev belə deyib.

Onun sözlərinə görə, 2004-cü ildə valyuta ehtiyatları 1,8 milyard dollar idi, indi isə valyuta ehtiyatları 42 milyard dollar təşkil edir. On dörd il ərzində  valyuta ehtiyatlarının 23 dəfə artımı təmin edilib. Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir.

“On dörd il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuşdur. Bunun yarısı xarici, yarısı isə daxili sərmayədir. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan yenə də dünya miqyasında lider dövlətlər arasındadır.

Müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi son 14 il ərzində qoyulmuşdur. Keçən il 14,6 milyard dollar sərmayə qoyulub, bu il ən azı ona bərabər həcmdə sərmayə yatırılacaq”, - dövlət başçısı belə deyib.

 

 

Вся лента