330x110
 

Siqaret istehsalında biz xarici tütündən də asılıyıq – İlham Əliyev

14.09.2020,16:12


14 sentyabr, Fineko/abc.az. "Sumqayıtda siqaret fabriki fəaliyyətə başlayıb və artıq statistikada görürük ki, idxaldan asılılıq nə qədər azalıb. Biz bu fabrik işə düşənə qədər daha çox idxaldan asılı idik. İndi biz 300 milyon manata qənaət etmişik".

ABC.AZ-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında deyib.

Dövlət başçısı qeyd edib ki, eyni zamanda, bu fabrikin inkişaf potensialı da var: "Mən fabrikin açılışında demişdim, çalışın ikinci, üçüncü xətləri də qurun ki, istehsalat artsın və biz bu məhsulu ixrac edə bilək. O vaxt da demişdim, mən elə onu istəyirəm ki, bu məhsulun hamısı ixraca getsin, Azərbaycanda heç kim siqaret çəkməsin və daxili tələbat olmasın. Amma əlbəttə ki, bu, mümkün deyil, ancaq buna çalışmalıyıq. O cümlədən təbliğat işlərimizi düzgün qurmalıyıq, bundan başqa, təbii ki, qadağalar qüvvəyə minibdir. Ona görə mən bu fabriki gələcəkdə sırf ixracyönümlü müəssisə kimi görürəm və belə misallar çox gətirmək olar. İndi bizim tütün istehsalımız, keyfiyyətli avadanlığımız var. Mən deyirdim ki, tütün istehsalı olmayan bəzi ölkələr nə üçün bizə məhsul ixrac edir. Onlar tütünü xaricdən alırlar və sonra onu emal edib satırlar. Düzdür, siz də bilirsiniz ki, siqaret istehsalında biz xarici tütündən də asılıyıq. Ancaq qarşıya vəzifə qoyulub ki, yerli tütünçülərdən də məhsul alınsın və beləliklə, kənd təsərrüfatının inkişafına da təkan verilsin".