Vizaların verilməsi üçün bütün səlahiyyətlər Azərbaycan Respublikası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ötürülüb

10:29 - 1.02.2018


1 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında  Fərman imzalayıb.

Fərmana əsasən,  vizalar, sadələşdirilmiş “ASAN Viza” sistemi vasitəsilə veriləcək, habelə viza ilə əlaqədar ödənişlər sadələşdirilmiş  “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçiriləcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən xidmət məntəqələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təhvil verilməsini mərhələli şəkildə həyata keçirmək və Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi nəzərdə tutulmuş ölkələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etmək həvalə edilib.

“Azərbaycan Hava Yolları” QSC-nə, beynəlxalq sərnişindaşımaları həyata keçirən xarici və yerli aviasiya şirkətləri tərəfindən Azərbaycan Respublikasına gətirilən sərnişinlər barədə əldə etdiyi məlumatların real vaxt rejimində “ASAN Viza” sisteminə göndərilməsini təmin etmək həvalə edilib.

Nazirlər Kabinetinə  Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat  vermək həvalə edilib.

Fərman, mayın 15-dən qüvvəyə minir.

 

Вся лента