Azərbaycanın layihələri United Nations, ITU - WSIS-2018 7-ci müsabiqəsinin mükafatına namizəddir

16:07 - 1.02.2018


Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə hər il keçirilən informasiya cəmiyyəti məsələləri üzrə (WSIS) yüksək səviyyədə reallaşdırılan beynəlxalq görüşdə WSIS-2018 mükafatına namizədlərin siyahısı açıqlandı. İnformasiya cəmiyyəti məsələləri üzrə (WSIS) yüksək səviyyədə keçirilən beynəlxalq görüş Birləşmiş Millətlər Təşkilatının 2003-cü ildən informasiya, kommunikasiya və informasiya cəmiyyəti məsələləri üzrə fəaliyyət göstərən Sammitidir.

WSIS mükafatı İKT-nin inkişafı sahəsində ən mühüm nailiyyətlərin qiymətləndirilməsi və tanınması üçün effektli mexanizmin müəyyənləşdirilməsi məqsədilə maraqlı tərəflərin təşəbbüsü ilə yaradılan beynəlxalq müsabiqədir. İlk dəfə müsabiqə 2012-ci ildə keçirilmiş və peşəkarlar cəmiyyətində çox sürətlə böyük populyarlıq qazanmışdır. O, Birləşmiş Millətlər Təşkilatının Cenevrə Fəaliyyət Planı və İnkişaf Proqramının və davamlı inkişaf məqsədləri ilə müəyyənləşdirilən WSIS-in fəaliyyəti çərçivəsində uğurlu təcrübənin üzə çıxarılması və nümayişi üçün analoqu olmayan qlobal platforma kimi çıxış edir. Əsası qoyulduğu vaxtdan müsabiqə WSIS mükafatlarına namizəd kimi 300-dən çox maraqlı tərəfləri cəlb edə bilmişdir.

Bu il 83 ölkə 449 layihə təqdim etmişdir ki, onlar da öz kateqoriyalarında qalib adı almaq üçün mübarizə aparacaqlar. “Asan İmza” mobil elektron imzanın operatoru hesab edilən B.EST Solutions Azərbaycan şirkəti tərəfindən reallaşdırılan iki layihə eyni anda 18 kateqoriyadan iki kateqoriyada təqdim edilmişdir.

Belə ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyilə əməkdaşlıq çərçivəsində reallaşdırılan, hüquqi baxımdan əl imzasına bərabər olan və Azərbaycanın milli identiteti sayılan “Asan İmza” layihəsi “Elektron Hökumət üçün İKT proqramı” kateqoriyasında, Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzilə əməkdaşlıq çərçivəsində reallaşdırılan “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı” layihəsi isə “Elektron biznes üçün İKT proqramı” kateqoriyasında təqdim edilmişdir. Nominasiya olunan bütün layihələr ətraflı təsvirlə müşayiət olunur və arzu edən hər kəs əvvəlcədən sistemdə qeydiyyatdan keçərək Azərbaycanın milli innovativ layihələrinə səs verə bilər. Müsabiqənin rəsmi saytı aşağıdakı kimidir: https://www.itu.int/net4/wsis/prizes/2018/.

Səsvermənin nəticələrinə əsasən liderlərin ilk beşliyi müəyyən edildikdən sonra hər 18 kateqoriyada qaliblər elan ediləcəkdir. Qeyd edək ki, keçən ilin qalibləri, coğrafiyası Afrika, Asiya, Şimali Amerika və Avropa ölkələrini əhatə edən layihələr olmuşdur. Onu da qeyd etmək lazımdır ki, B.EST Solutions şirkətinin layihələrinin belə nüfuzlu müsabiqəyə ilk dəfə təqdim edilməsinə baxmayaraq, nominantların yekun siyahısına daxil edilmiş, bu isə “Made in Azerbaijan” innovativ həllərinin dünya standartlarına cavab verməsinin sübutudur.

Səs vermək istəyən hər kəs səsvermə ilə bağlı ətraflı təlimatla "Asan İmza" Facebook səhifəmizdə tanış ola bilərlər. Nəzərinizə çatdıraq ki, Siz 18 kateqoriyanın hər birinə səs verdiyiniz halda səsvermə prosesi bitmiş hesab edilir.

 

Вся лента