ARDNŞ və “Maire Tecnimont” Bakı NEZ-da qurğuların tikintisinə dair müqavilə bağladılar

01.02.2018,17:48


1 fevral, Fineko/abc.az. “Tecnimont və Kinetics Technology” şirkətlər alyansı və  Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ), zavodun modernizasiyası və rekonstruksiyası layihəsi çərçivəsində  qurğuların tikintisinə dair müqavilə imzalamışdır.

ARDNŞ-in məlumatında deyildiyi kimi, EPC (Engineering, Procurement and Construction) müqaviləsi, zavodun ərazisində 10 qurğunun tikintisini nəzərdə tutur.

“Tecnimont/Kinetics Technology” alyansı beş beynəlxalq şirkətin iştirakı ilə 2017-ci ilin fevral ayında keçirilmiş müvafiq tenderin qalibi olmuşdur.

NEZ-in rekonstruksiyasına dair EPC işləri iki hissədən ibarətdir: yeni qurğuların tikintisi və mövcud  əsas qurğuların və ümumi zavod təsərrüfatının (ÜZT) yenidən qurulması. Mövcud qurğuların və ümumizavod təsərrüfatı obyektlərinin yenidən qurulması isə ötən ilin dekabr ayında digər tenderin qalibi olan Técnicas Reunidas şirkətinə həvalə olunmuşdur.

BNEZ-un  rekonstruksiyasına ümumilikdə  14 qurğunun tikintisi daxildir və üç mərhələdə həyata keçiriləcək. I mərhələdə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumzavod təsərrüfatı qurğuları, eləcə də yeni maye qazdoldurma məntəqəsi tikilib istismara veriləcəkdir. II mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işləri müəyyənləşdirilmişdir. III mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası nəzərdə tutulmuşdur.

Modernizasiya layihəsinin həyata keçirilməsi istehsal edilən yanacağın keyfiyyətini Avro-5 standartına uyğunlaşdırmağa və istehsal həcmini ildə 7,5 milyon tona çatdırmağa imkan verəcəkdir. Rekonstruksiya ölkəmizin ixrac potensialını və NEZ-in gəlirliliyini artıracaq, həmçinin “Azərikimya” İB-nin sabit xammal təchizatını təmin edəcək. Layihə nəticəsində NEZ-in əməliyyat xərclərinin optimallaşdırılması, habelə Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması gözlənilir.

Xəbər verildiyi kimi,  modernizasiyasıyadan sonra NEZ-da  hazırkı 1,2 milyon ton əvəzinə, ildə 1,9 milyon ton  avtomobil benzini istehsal ediləcək (zavodda istehsal edilən neft məhsullarının ümumi həcminin 25%), dizel yanacağı  - hazırkı 1,9 milyon ton əvəzinə  ildə 3 milyon ton (37%), ağ neft – hazırkı 0,7 milyon ton əvəzinə  1 milyon ton (13%)  və digər neft məhsulları - 25%.

Sonuncu qiymətləndirməyə əsasən, BNEZ modernizasiyası və rekonstruksiyası layihəsinin dəyəri təxminən 1,5 milyard dollar təşkil edir.

 

 

Ключевые слова: ARDNŞ BNEZ