“Azərbaycan əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” sərəncam imzalanıb

02.02.2018,12:24


2 fevral, Fineko/abc.az. Səhiyyə nazirinin müavini Nigar Əliyeva “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə”  sərəncam imzalamışdır.

Səhiyyə Nazirliyinin məlumatında deyildiyi kimi, fevral ayının 12-dən may ayının 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi təşkil ediləcək.

“Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürmək tapşırılır”, - məlumatda belə deyilir.

Sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

“Respublika əhəmiyyətli tibb müəssisələrinin rəhbərlərinə mütəxəssislərdən ibarət qrupların müntəzəm olaraq regionlara ezam olunması tapşırılır”, - Səhiyyə Nazirliyinin məlumatında belə deyilir.

 

Ключевые слова: Səhiyyə tibb