AİB TAP tikintisinə kreditin ayrılmasını təsdiqlədi

07.02.2018,12:00


7 fevral, Fineko/abc.az. Avropa İnvestisiya Bankı (AİB) Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinə 1,5 milyard avro həcmində kredit təsdiqləyib.

Bankın məlumatında deyilir ki,  AİB Direktorlar Şurası çərşənbə axşamı günü  TAP qaz kəmərinin tikintisinə 1,5 milyard avro həcmində kreditin ayrılmasını təsdiq edib.

“2018-ci ildə ilk olaraq fevralın 6-da keçirilmiş iclasda AİB, TAP qaz kəmərinin tikintisi layihəsinə 1,5 milyard avro həcmində maliyyələşmənin təqdim edilməsini təsdiqlədi”, - məlumatda belə deyilir.

TAP qaz kəmərinin  ümumi uzunluğu  878 km təşkil edəcək ki, bunun 550 km hissəsi Yunanıstanın şimali hissəsindən, 215 km hissəsi Albaniya ərazisindən, 105 km  Adriatik dənizindən və 8 km hissəsi İtaliya ərazisindən keçəcək.

TAP layihəsi, “Şahdəniz-2” layihəsi çərçivəsində  hasil  olunan təbii qazın Yunanıstan və Albaniya vasitəsilə Qərbi Avropaya nəqli üçün nəzərdə tutulub.

Trans-Adriatik Boru Kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü növbəti şəkildədir:  Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (20%), BP (20%), Snam (20%), Fluxys (19%), Enagas (16%) və Axpo (5%).

TAP tikintisi layihəsinin dəyəri  4,5 milyard avro həcmində qiymətləndirilir.

 

Ключевые слова: AİB TAP