İlin əvvəlindən Heydər Əliyev Beynəlxalq Aeroportu 305 min sərnişinə xidmət göstərib

15:22 - 13.02.2018


Fineko/abc.az.   2018-ci ilin əvvəlindən Heydər Əliyev Beynəlxalq Aeroportu 305 min sərnişinə xidmət göstərmişdir ki, bu da ötən ilin analoji göstəricisindən 19% çoxdur.

“Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının məlumatına əsasən,  AZAL-ın  payına 129 min sərnişin, milli loukoster “Buta Airways”in payına  isə 37 min sərnişin düşmüşdür ki, bu da ötən il ilə müqayisədə 15% çoxdur.

“264 min sərnişin (sərnişin dövriyyəsinin 86,5%-i) beynəlxalq reyslərlə daşınmışdır”, - məlumatda belə deyilir. 

Məlumatda qeyd edilir ki, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 46 istiqamət üzrə 25 aviaşirkətə xidmət göstərir. Ən populyar beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir.  Yanvar  ayında bu istiqamətlər üzrə uçuşlarda 198 min sərnişin daşınmışdır.
Heydər Əliyev Beynəlxalq Aeroportunun  yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülmüşdür. 

2017-ci ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.

Вся лента