Alman iqtisadiyyatının nümayəndələri Prezident İlham Əliyev ilə görüşüb

11:49 - 14.02.2018


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, fevral ayının 13-də Almaniyanın Şərqi Avropa 
İqtisadi Əlaqələr Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Müzakirələrin əsas mövzusunu Azərbaycanda metro sisteminin inkişafı, dəmir yolu infrastrukturunun 
müasirləşdirilməsi, tikinti sənayesində investisiya imkanları, həmçinin kənd təsərrüfatı layihələrində və
maliyyə sektorunda iki ölkə arasında əməkdaşlıq imkanları təşkil etmişdir. Görüş zamanı Alman 
iqtisadiyyatının məsləhət xidmətləri və maşın və avadanlıqlar sənayesindəki geniş təcrübəsinin 
Azərbaycan iqtisadiyyatının diversifikasiyasına öz töhfəsini verə biləcəyi xüsusilə qeyd olunmuşdur.
Nümayəndə heyəti Uniper Global Commodities SE, Deutsche Bahn AG, Deutsche Bank AG, Airbus Group 
International və Rödl & Partner kimi məşhur alman şirkətlərinin İcraçı direktorları və yüksək vəzifəli 
nümayəndələrindən, həmçinin Almaniyanın Azərbaycandakı səfiri cənab Mixael Kindsqrab, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) İcraçı direktoru cənab Tobias Baumann və AHK 
Azərbaycanın İdarə Heyətinin sədri cənab Falko Haydrixdən ibarət idi.
Səfər çərçivəsində İqtisadiyyat naziri cənab Şahin Mustafayev, Energetika naziri cənab Pərviz Şahbazov və
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri cənab Ramin Quluzadə ilə də danışıqlar aparılıb. 
Görüşlər zamanı tərəflər Azərbaycanla Almaniya arasındakı iqtisadi əlaqələrə dair fikirlərini bölüşüb və
2018-ci ildə ikitərəfli iqtisadi əlaqələrin genişlənəcəyindən öz əminliklərini ifadə ediblər. Bundan əlavə, 
heyət Bakı Beynəlxalq Hava Limanında Silk Way Airlines aviaşirkətinə və Beynəlxalq Dəniz Ticarət 
Limanına səfər edib və tərəflər arasında fikir mübadiləsi aparılıb.
Heyət səfərinin başa çatması münasibətilə Almaniyanın Azərbaycandakı səfiri cənab Kindsqrab 
tərəfindən ziyafət təşkil edilmişdir.

Вся лента