Sabah “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası keçiriləcək

14.02.2018,15:26


14  fevral, Fineko/abc.az.  Sabah  Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası keçiriləcək.
Energetika Nazirliyindən verilən məlumata əsasən, iclasın keçirilməsi üçün edilən hazırlıqlar artıq tamamlanıb.  
“İclasda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, ”Cənub Qaz Dəhlizi” layihəsinə cəlb edilmiş ölkələrdən - Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dimitri Kumsişvili, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Bolqarıstanın energetika naziri Temenujka  Petkova, İtaliyanın iqtisadi inkişaf  nazirinin müavini İvan Scalfarotto, Yunanıstanın ətraf mühit və energetika nazirliyinin nümayəndələri-Mixail Verroiopolos, Ludovikos Kotsonopoulos, Albaniyadan isə energetika və sənaye nazirinin müavini Enis Aliko iştirak edəcək”, - deyə məlumatda bildirilib.
Məlumatda qeyd edilir ki,  iclasda həmçinin ABŞ-ı Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio və Böyük Britaniyanı baş nazirin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson iştirak edəcəklər. 
Türkmənistan və Rumıniya Məşvərət Şurasının iclasında ilk dəfə olaraq  iştirak edəcək.
Türkmənistanı iclasda  Prezidentin müşaviri Yaxşıgəldi  Kakayev,  Rumıniyanı isə energetika nazirinin müavini Yuliyan Robert Tudorake təmsil edəcək. 
Tədbirdə TANAP-ın baş direktoru Saltuk Düzyol, TAP-ın icraçı direktoru Luka Şieppatinin və BP-nin regional prezidenti Qəri Counzun rəhbərlik etdikləri nümayəndə heyətləri yer alıb. 
Həmçinin, iclasda Snam, Enagas, Axpo və Fluxys şirkətlərinin, Asiya İnkişaf Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Rekonstruksiya və İnkişaf Bankının,  Almaniya İnkişaf Bankının (KfW), Dünya Bankının,  Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin, Avropa İnvestisiya Bankının nümayəndələrinin də iştirakı nəzərdə tutulub.

Ключевые слова: Cənub Qaz Dəhlizi