Azərbaycan və İran hərbi əməkdaşlığı genişləndirir

16:43 - 21.02.2018


21 fevral, Fineko/abc.az. Bu gün Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən xəbərə əsasən, hər iki ölkənin nazirləri əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşüblər.

“Qonaqları salamladıqdan sonra, general-polkovnik Z.Həsənov general-mayor Ə.Hatəmini Müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və bu vəzifədə ilk xarici rəsmi səfərini məhz Azərbaycana etməsini iki ölkə arasında dostluq əlaqələrinin yüksək göstəricisi kimi dəyərləndirib”, - məlumatda belə deyilir.

Zakir Həsənov Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll olunmamasının regional sabitliyə ciddi təhdid təşkil etdiyini iranlı həmkarının diqqətinə çatdırıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunması üçün səylərinə görə İran tərəfinə minnətdarlığını bildirib.

Nazirliyin məlumatında deyilir: “General-mayor A.Hatəmi, ölkələrimiz arasında hərbi sahədə  əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan edib”.

Əmir Hatəmi vruğulayıb ki, İran Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında maraqlıdır və bu sahədə istənilən yardımı göstərməyə hazırdır.

Görüş zamanı hərbi, hərbi-texniki, hərbi tibb və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, qarşılıqlı maraq kəsb edən digər məsələlər haqqında  fikir mübadiləsi aparıldı.

Sonda hər iki nazir görüşün nəticələrinə dair mətbuata açıqlama verib.

 


Вся лента