330x110
 

Bu layihə ixrac üçün böyük imkanlar açır – Prezident

21.01.2021,16:41


21 yanvar, Fineko/abc.az. Son illərdə ölkələrimiz arasında münasibətlər çox müsbət dinamikaya malikdir.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu videokonfrans formatında qəbul edərkən deyib.

Dövlət başçısı sözlərinə belə davam edib: “Ali səviyyədə qarşılıqlı səfərlərimizin xronologiyasına nəzər salmaq kifayətdir. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Müqayisə üçün deyim ki, bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb. Ən sevindirici hal ondan ibarətdir ki, bütün bu sənədlər, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə etdiyimiz razılaşmalar yerinə yetirilir. Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq”.