DTX təkzib məlumatı yaydı

14:38 - 19.02.2021


19 fevral, Fineko/abc.az. Azərbaycana aid olan bəzi sosial media resurslarında erməni mənbələrinə istinadən guya, “Ermənistan MTX-nin rəhbəri A.Abazyan, Rusiya sülhməramlı kontingentinin rəhbəri general R.Muradov, Azərbaycan DTX-nin sədri Əli Nağıyev və A.Arutyunyan arasında Suqovuşanda görüş planlaşdırılır” və sairə bu kimi başlıqlarla həqiqətəuyğun olmayan məlumatlar yayılıb.

ABC.AZ DTX-nin saytına istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti bu qəbildən olan xəbər və paylaşımları qəti şəkildə təkzib edir və diqqətə çatdırır ki, indiyədək Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin baş tutmuş görüşləri barədə ictimaiyyətə ardıcıl məlumatlar verilib.

Azərbaycanın dövlət maraqlarının, ərazi bütövlüyünün və təhlükəsizliyinin etibarlı təmin olunması ilə bağlı məsələlərin cəmiyyətdə həssaslıqla qarşılandığı nəzərə alınaraq, bundan sonra da belə görüşlər barədə ictimaiyyətə məlumatlar veriləcək.

Вся лента