Azərbaycan və İran Bakıda Astara-Astara dəmir yolunun perspektivlərini müzakirə etdilər

17:25 - 1.03.2018


1 mart, Fineko/abc.az. Bakıda “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Cavid Qurbanovla İran Yol və Şəhərsalma Nazirinin müavini, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında ikitərəfli görüş keçirilib.

ADY-in məlumatında deyilir ki, görüş zamanı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyəti çərçivəsində Astara (İran) terminalının tikintisi müzakirə olundu.

“Müzakirələr zamanı qeyd olunub ki,  tam gücü ilə işləyərək, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Skandinaviya ölkələri, Rusiya, Azərbaycan və İranın dəmir yollarını bir şəbəkədə birləşdirəcək”, - məlumatda belə deyilir.

Səid Məhəmmədzadə  bildirib ki, “Şimal-Cənub”  layihəsi Azərbaycan, İran İslam Respublikası və Rusiya  Federasiyası ərazisində dəmir yolu əlaqələrinin, həmçinin bu ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək. Eyni zamanda yüklərin bu istiqamətə axınına təkan verəcək.

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara (İran)-Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.

 

 

Вся лента