Azərbaycan və Türkiyə nəqliyyat yük daşımaları üzrə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etdilər

14:55 - 5.03.2018


5 mart, Fineko/abc.az. İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Qars şəhərində səfərdədir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən təqdim olunan məlumata görə, görüşdə  ADY-in sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolları" SC-nin sədri David Peradze, həmçinin,  Azərbaycan Maliyyə Nazirliyinin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin nümayəndələri iştirak ediblər.

“Görüş çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanla görüşüb. Görüş əsnasında Azərbaycanın Türkiyə ilə bütün sahələrdə, o cümlədən nəqliyyat-tranzit sahəsində əməkdaşlığının inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, tranzit daşımalarında Türkiyədən Orta Asiyaya və əks istiqamətdə hərəkət edən tırların sayı artıb. Yaradılan infrastuktur (dəmir yolu, Bakı Beynəlxalq Ələt Dəniz Ticarət Limanı, avtomobil yolları və s.) yük daşımalarının daha da artırılmasına geniş imkanlar açır”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, tərəflər həmçinin “Transxəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi”  ilə bağlı işlərin davam etdirilməsinin vacibliyini qeyd edərək, iki ölkə arasında, xüsusilə də nəqliyyat və tranzit yük daşımaları sahəsində iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

 

 

Вся лента