Qazaxıstan Azərbaycanın ərazisi ilə üçüncü ölkələrə taxıl ixrac etmək istəyir

11:04 - 12.03.2018


12 mart, Fineko/abc.az. Bakı Taxıl Terminalı Qazaxıstan və Azərbaycanla birgə həyata keçirilən beynəlxalq nəqliyyat layihələrinin fəal iştirakçısı olacaq.

Terminalın İdarə Heyətinin sədr müavini Yerjan Baymuxametov bildirib ki, şirkət Azərbaycana taxıl məhsullarını ixrac edən “Qida Korporasiyası” ilə işləyir.

“Taxılın bir hissəsini emal edib una çeviririk. Həmçinin, bizim terminaldan İrana  taxılın tranzitinə maraq göstərən Azərbaycan və Rusiya treyderləri ilə də əməkdaşlıq edirik.

Ümumiyyətlə, Azərbaycanın taxıl ehtiyacları ildə 3 və 3,5 milyon ton təşkil edir. 2016 ilə müqayisədə, keçən il ölkə taxıl idxalını 20% azaldıb. Qazaxıstan və Azərbaycan hökumətlərarası komissiyasının ötən ilin sonunda keçirilən iclasında tərəflər Qazaxıstan taxılının Azərbaycana ixracını ildə  1 milyon tona çatdırılmasına dair razılığa gəliblər”, - Y.Baymuxametov belə deyib.

Qazaxıstan taxılı Xəzər dənizindən terminal vasitəsilə artıq 12 ildir ki, göndərilir. Yeni imkanlar coğrafiyanı genişləndirməyə və Türkiyə və Yaxın Şərq bazarlarına çıxmağa imkan verəcək. Terminal, Qazaxıstan və Azərbaycan hökumətlərinin razılığı ilə 2006-cı ildə yaradılıb. Bu illər ərzində şirkət, Qazaxıstan taxılının ixracını sabitləşdirmək və Azərbaycanı taxıl məhsulları ilə təmin etməkdən ibarət əsas məqsədini  inamla həyata keçirib. Qazaxıstan buğdası Aktau limanından taxıl terminalının yerləşdiyi Hövsan kəndindəki limana göndərilir. Burada həmçinin, ölkənin bazarlarına un tədarük edən dəyirman işləyir. Terminal, Qazaxıstan və Azərbaycanın birbaşa iştirakı ilə bölgədə həyata keçirilən beynəlxalq nəqliyyat layihələrində fəal iştirak etməyi planlaşdırır. Bu il Şimal-Cənub marşrutu, Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından istifadə etmək və Qazaxıstan taxılının Türkiyə və Yaxın Şərq bazarlarına çıxarılması planlaşdırılır.

 

 

Вся лента